Təzə gələn direktorun islahatları necə qurtardı?
#günlərinbirgünü 45 nəfərlik işçisi olan MMC-lərin birində rəhbərlik dəyişdi. Kimi dedi ki, guya köhnə firmanı “yuxarıdakılar” alır, kimi dedi şirkətin yiyəsinin borcu varmış, qaytara bilmədiyinə görə firmanı verib. Şirkətdə hər şeyi bilən müdirin katibəsi belə söhbətdən xəbərsiz idi. Sadəcə direktor bir gün hamını yığıb dedi ki, həm təsisçi dəyişir, həm də mənimlə baş mühasib sabahdan çıxıb gedirik, təzə adamlar gələcək.
Təzə gələn direktor xaricdə oxumuş, müasir adam idi. Gələn kimi hamını yığıb iclas elədi ki, narahat olmayın, heç kimi sokraşeniya etməyəcəyik növbəti 3 ay ərzində. İşdən narahat olmayın,firma bağlanıb eləmir. Əksinə, yenilikləri tətbiq edəcəyik, nəticəsi yaxşı olsa bonus sisteminə keçəcəyik və s. HR şöbəsinə də tapşırdı ki, təzə 3 vakansiya qoyun busy.az saytında, əlavə yaxşı kadrlar yığaq. Üstəlik, kim istəsə gənclərdən stajirovkaya adam da gətirsin. Hamı rahatlaşdı ki, şükür, şirkət bağlanmır. Amma bu da hamısı deyildi.
Yeni gələn müdir ofisdə divardan motivasiyalı sözlər yazılmış reklamlar yapışdırdı, işləməyən kondisionerləri düzəltdirdi, yarımçıq qalmış artırmanı remont elətdirdi.
Onu da elan etdi ki, bundan sonra ofisdə nahar şirkətin hesabına veriləcək. Təzə gələn aşpaz xala da insafən yaxşı bişirirdi. Düzdür, kabab-zad vermirdilər, amma yeməklər yaxşı idi: kotletlə düyü, əcəbsandal, perlova supu, şirintəhər kompot…Heç 3 gün keçmədi ki, şirkətdə heç kim evdən yemək gətirmədi, hamı elə ofisdə yeyirdi.
“Allah təzə müdirin canını sağ eləsin“. “Xarijdə oxumağ başqa şeydiye“, “yaxşı ki yiyəsi dəyişdi buranın“ deyə sevinirdi hamı. Hətta 2 ay əvvəl işdən gedənlər də xəbərləri eşidib qayıtmaq istəyirdi. Qısası, güllü-gülüstan idi.
2 aydan sonra şirkət hesabına nahar edənlər çəki almağa başladılar. Birinci sürücülər kökəlməyə başladı. Sonra maliyyəyə baxan qızların yanaqları qızarmağa, qana gəlməyə başladı. Obeddə qulyaşla kartof püresi olanda, həmişə “ətindən çox qoy!” deyən Pərvizin əməlli-başlı qarnı çıxmışdı. Kimisi köpdən şikayət edirdi, kimisi saat 3-də yüksək səslə gəyirirdi, kimisi də deyirdi ki, uje əyilib korossovkamın bağını bağlaya bilmirəm.
Nahardan sonra işçilər həm də bir az söhbətləşməyə, işə gec qayıtmağa başladı. Kompüter qabağına keçəndə artıq çoxları yorğun, tənbəl, ərincək olmağa başlamışdı. Hələ aradabir 3 bacı dolması veriləndə, üstündən də ayran içiləndə ofisdə saat 5-ə qədər işləməyə heç kimin həvəsi olmurdu.
Effektivliyi aşağı düşmüş işçilər bir yandan, müasir trendləri tətbiq etmək istəyən təzə müdirin xərcləri də bir yandan – şirkətin maliyyə durumu pisləşməyə gedirdi. Bir az keçəndən sonra təzədən işçiləri yığıb dedilər ki, sokraşeniya olacaq, kim harda bacarırsa iş tapsın.
“Hardan gəldi bu yaramaz müdir“, “görüm heç xeyir tapmasın bu şirkətdən“, “xarijdə oxumağla deyil e, gərək işləməyi bajarasan“ deyə deyinirdi hamı.