Maşın ustası Əfqanın həyatı

media-untitled-design-64
#istiyirəm ki, Bakıda ən yaxşı, sayılıb-seçilən 5 maşın ustasından biri olum. Adı olmayan bir profilaktoriyada işləyim, amma hamı buranı “usta Əfqanın obyekti” kimi tanısın. Əllərim qızıl olsun, hər növ maşınların öhdəsindən gəlim.
Həmişə özümə söz verim ki, sabah 12-də gələcəm işə. Amma səhər 10 olan kimi müştərilər zəng edib xahiş-minnət eləsinlər ki, qurban olum, bir az tez gəl, bunu tez düzəltmək lazımdır. Mən də 12-də yox, daha tez gedim.
Yanımda da gündə 2 dəfə energetik içki alan uçenikim Tofiq olsun. Mən də deyim ki, “ay Tofiq, at bu zibili, ziyan eliyirsən canına”. Özümsə həmişə çay içim. Gündə 1 dəfə səhər dəmlənən çaynikdən səhər qapqara, axşam isə üstünə su tökməkdən açıq sarı rəngə çevrilmiş çayı çat vermiş şəffaf şüşə fincanda içim. Kilosu 8 manata olan rossiyski karamellərlə.
Özüm də köhnə, içindən it iyi gələn bir LADA sürüm. Hamı soruşsun ki, ay usta, niyə camaatın mersedesini, toyotasını düzəldirsən, amma özün bu rus maşınını sürürsən? Mən də deyim ki, əşşi, siz bilməzsiniz. Bu sənətkar maşınıdır.
Hər gün də yanıma içində cavan oğlanlarla dolu 2 maşın gəlsin. Mən də standart zarafatımı edim. Soruşum ki, “motor işləyir?” Müştəri hə deyəndə mən də gülüm ki, “maşını demirəm, özündəki motor işləyir?” Qıraqdakı bütün dostlar da şaqqanaq çəkib gülsünlər. Çıxanda da əlavə 5-10 manat bassınlar cibimə.
Ayda 1-2 dəfə də qırmızı nissan tiida sürən xanımlar maşınlarını gətirsin. Mən də kapotu açıb bir az baxım, sonra da deyim ki, vallah, bu xanımları başa düşmək olmur da…Özlərinə yaxşı baxırlar, həmişə bəzək-düzəldə, amma maşına baxmırlar. Bilirsiz bu forsunkalar nə gündədir?
Qadınlara bu söz ləzzət eləsin, mən deyəndə ki, 2 günə gəlib götürün, xahiş eləsinlər ki, “usta, axşam toydayam, nolar tez çatdır”. Mən də əlimi əskiyə silə-silə deyim ki, “bilirsiz nə qədər oçered var? Odeey, o metallik çeşkanın yiyəsi 10 gündür məni gözdüyür.” Qadınlar da mənə gülümsünüb uzun kipriklərini süzdürüb nazlı baxsınlar, mən də guya yumşalıb deyim ki, yaxşı.

Bənzər Məqalələr

#isdiyirəm ki, Bakıda kofe-şopların birində barista olum, səhərdən axşamacan camaata kofe hazırlayım Getcontact-da da kimsə adımı “Vüsal qəhvə“ qoysun, dostlarım da həmişə buna görə mənimlə məzələnsinlər. Evə gələndə, kimsə məni görəndə də desin ki, “ay da, səndən nə qəşəng kofe iyi gəlir“? Amma özüm bütün günü kofenin içində olsam da, axşam evə gələndə adi qara çay içim. Öz işimdən də...
media-a-2d-illustration-of-a-skilled-barista-at-work-in-a-charming-baku-cafe-with-a-backdrop-of-quaint-co-297920656-1-1

İstiyirəm ki, ölkədə böyük şirkətlərin birində işəqəbul şöbəsində HR-menecer olum. Adım Gülnarə olsa da, ofisdə çoxları mənə Gülya xanım desin. Əslində vəzifəmin adı “işəqəbul şöbəsinin meneceri” getsin, necə deyərlər rekrutyor. Amma hamı məni elə “Eyç-ar Gülya” kimi tanısın. Özüm də hər üç dili yaxşı bilim. Amma öz şöbəmiz daxilində, dost-tanışla daha çox rusca danışım. Nu, tak slojilos, çto bizim kruqumuzda...
media-people-matter

#İndihardasa göbəyiaçıq, nazik bretelkalı mayka geymiş, günəşli havada kətan şalvarının altından geydiyi tumanı görünən, iş günlərində günorta Caspian Plaza tərəfdəki kofe-şoplarda vaxt keçirməyi xoşlayan, 4 yaşlı uşağını tək böyüdən 31 yaşlı Narmina evdəkilərlə atasının Novxanıda 90-larda aldığı bağlarına getmək üçün rükzakına şey-şüylərini yığır. Onu bağa getməyə həvəsləndirən nə dənizdə çimmək, nə qumda uzanmaq, nə istidən qaçmaqdır. Dərinə getsək, axşamlar daş...
media-untitled-design-66