Ad günü məclisləri
Bina evində keçirilən 15-20 nəfərin yığışdığı ad günü məclisləri olur. O məclislərin olmazsa olmaz dialoqunu deyim sizə:
– kiməsə çörək lazımdı?
– yox, hər şey var, gəl özün də otur.
– mən elə bayaqdan əl üstü yemişəm bişirə-bişirə. Siz nuş eliyin.
Yeməyin şirin yerində iki ilin yeznəsi Asif (sığortada işləyir, 9 may barədə fikri budur ki, almanlar o vaxt udsaydı mersedes sürürdü hamı) durur şüşə butulkada olan kampotu arxasından əli ilə vurur sonra qapağını açıb yoldaşına süzür.
Yeməyin axırında hansısa toy kasetini qoşurlar. 3-4 nəfərdən başqa heç kim baxmır. İradə xala kövrəlib çıxır otaqdan, baxırlar ki, kasetdə dörd il əvvəl rəhmətə getmiş Rəxşəndə nənəni göstərirlər.
Məclisdə 30 il polisdə işləyib serjantdan o tərəfə qalxmayan Ədalət dayı olur, qayıdır ki, saat 9-du atın xəbərlərə. Aztvni tuturlar, putin haqqında nəsə xəbər gedir. Ədalət sığortada işləyən yeznənin dizinə əlinin arxası ilə yüngülvari vurub, ceyms bond baxışıynan deyir ki, elə bilirsən bunlar bekara şeydi?
O məclislərdə həmişə sakit bir dayıoğlu olur, adı Elvin. küncdə oturur qapı tərəfdə, çox danışmır. Çay süfrəsi açılanda iki dilim tort yeyir bir stəkan çayla. Buna isti olur, əli ilə özünü yelləyir, köynəyinin yuxarı düyməsindən tutub yavaş-yavaş dəbərdir, sinəsinə hava üfürüb özünə sərin eləməyə çalışır. Evin balaca oğlun görən kimi yanına çəkib qulağına deyir ki, motuş get balkonun qapısın aç da.