Səhv düşəndə yerimiz
#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş Mənsurə həyəcanla qapını açır.
Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni.
Təsadüfən 1 ay əvvəl də atasının uzun illər əvvəl bir yerdə məscidə getdiyi kişilərən birinin oğlu Rzaya yaxşı ailədən qız axtarırdılar. Çerez-çerez əxi qardaşların vasitəçiliyi ilə danışılmış, belə qərara gəlinmişdi ki, müasir dövrdür, qoy cavanlar bir dəfə canlı görüşsünlər, söhbət etsinlər, əgər etirazları olmazsa Rzanın atasıgil elçi gələrlər.
Rzada Mənsurənin şəkli olmasa da, güclə İnstagramını tapmış, amma onun da profilinin bağlı, avatar şəklində isə yaşıl ağac şəkli görmüşdü. “Görüşərəm, canlı diqqətlə baxaram” fikriylə görüş saatından yarım saat əvvəl kafeyə gəlmişdi. Səhər çimib tələsik çıxdığına, sonra da bərbərə getdiyinə görə yeməmişdi, odur ki, oturan kimi fikirləşdi ki, tezbazar nəsə yeyim qızla görüşənə qədər.
Onunla bərabər bu vaxt kafedə qonşu stolda həyatını “kimə atım qabağa düşüm?” prinsipiylə qurmuş, dostlarına patı təşkil etməkdən tutmuş zavoddan metal oğurluğuna qədər hər şeyə baş aparan, elə təxminən Rzayla eyni yaşda olan Rauf oturmuşdu. Paxlavayla çay sifariş edərək kafedəki pulsuz Wi-Fi qoşularaq əvvəl busy.az saytında təzə vakansiyalara (validenyləri gündə başını xarab edirdi ki, özünə normal bir iş tap), sonra da İnstagramda qız şəkillərinə baxırdı.
Mənsurə içəri girəndə içindəki həyəcanı boğmaq üçün anasının son sözlərini xatırladı. ”Diribaş ol, qoy oğlan elə bilməsin ki, əfəlsən. Özün də sual ver, utanma. Elə utandığın üçün indi evdə qalmısan. Ürəkli ol” sözlərini yadına salıb cəsarətləndi. İçəridə 2 nəfər oğlan oturmuşdu: biri yeməyinin son tikəsini yeyir, digərinin qabağında isə çay vardı. ”Yəqin ki, çay sifariş edəndir həmin oğlan” fikirləşib cəsarətləndi, ”Hər vaxtınız xeyir” deyib Raufun qarşısındakı stolda oturdu.