Xəyanət etməyin axırı belə olur

media-1-60
Əri Şaban hamamda çiməndə telefonu jurnalnı stolun üstündəydi. “Görüm keçən dəfə rayonda dincələndəki şəkildə necə düşmüşəm? “ fikriylə Şabanın smartfonunu açdı. Pin-kod həmişə eyni idi, Şabanın uzun illərdir işlədiyi dövlət idarəsinə girdiyi il.
Şəkilə baxdı, doğurdan da Şəkidə qəşəng dincəlmişdilər. Elə bil daxildə hansısa qüvvə ona dedi ki, bir Votsappa da gir.
İş yoldaşlarının, qohumlarının çoxuyla yazışırdı, hamısını da yaxından tanıyırdı. Diqqətini “Gülya maliyyə“ sözü çəkdi. Niyə görəsə bu kontaktla olan yazışmalar bezzvuk-da idi. Düzü iş yoldaşlarının arasında Gülya adlı birini tanımırdı. Ərinin yubileyində də onun gəldiyini görməmişdi. Şabanın yazışmaları qısa və konkret idi: “Evdə işim var”, “Restoran mərkəzdə olmasın” və s.
Girib həmin Gülya maliyyənin profil şəklinə də baxdı. Dodağını şişirtmiş, burnunu standart əməliyyat etdirmiş qlamur 30 yaşlı qızlardan idi. Şabanın işlədiyi dövlət idarəsində belə cavan qızın işləməsi də şübhəli idi.
Səidə həyatda çox şey görmüşdü, eşitmişdi. Amma özünün başına belə bir şey gələcəyini fikirləşmirdi. Əksinə, Səidədə xərçəng xəstəliyi tapılandan sonra Şaban ona qarşı daha qayğılı idi elə bil. İndisə məlum olurdu ki, Şaban ona çoxdan xəyanət edirmiş.
Telefonu necə vardısa, elə də götürdüyü yerə qoydu. 1 həftə gecələr gözünə yuxu getmədi. Xaricdə yaşayan tələbə oğlu və qızına da heç nə demədi. Sonra isə düşündü ki, fikirləşməklə bir şey olmaz, hərəkətə keçmək lazımdır.
– Bugün yenə getdim o türk onkoloqun yanına, 1 həftəlik Bakıdadır. Dedi ki, irəliləyiş yoxdur, elə üçüncü dərəcədə qalmısan. Əgər irəliləyiş olmasa bir müddətdən sonra xərçəng metastaz verəcək. Dedi bizim yerli həkimlərin dediyinə də inanma, bizimkilərin qandığı qrafa yoxdur.
Şaban dolmanı səssizcə yeyirdisə də, diqqəti arvadında idi. Əslində Səidə son zamanlar gözünə daha yaxşı dəyirdi, yerli həkimlər də deyirdi ki, hər şey yaxşıdır, qısa müddətə sappasağlam olacaq.
– Deyir ki, 6 aylıq gəl İstanbula, orda daha asan olacaq tedavi. Apparaturaları yaxşıdır, normal müalicə edərlər. Düzünü desəm, istəmirəm ki, ximiyaterapiyada saçım töküləndə məni görəsən. Onsuz da sən axır vaxtlar mənə görə xeyli əziyyət çəkmisən. Sən də bir az rahat olarsan. 2 həftəyə gedim rahat qalım xəstəxanalarında.
Şaban cavab verməyə tələsmirdi, beynində də dərhal fikirləşirdi ki, “əgər Səidə olmasa əl-ayağım açılar, Gülyayla də daha rahat görüşə bilərəm“. Artistlik etdi bir az, “sənsiz darıxacam“ deyib, çək-çevirdən sonra razılaşdı.
5 gün keçəndən sonra Şabana zəng edən Səidə tapşırdı ki, axşam mütləq evə gəl, vacib məsələ var danışılmalı.
– Şaban, xalaqızı Simaya demişdim axı İstanbula gedəcəyimi. O da demişdi ki, neynirsən xəstəxananı, gəl elə bizdə Nişantaşıda qal, ölməmişəm ki. Sağ olsun, xalamın uşaqları arasında ən yaxşısı elə odur. Salatı da ye qurtar, sabaha qalmasın. Hə, nəyi deyirdim…Bugün zəng vurub ki, yaxınlarında çox gözəl bir ev satırlar. Bu Ərdoğandan sonra xeyli türk ev-eşiklərini satır. Əlimyandıda satırlar 800 min dollara. Şəkillərini də göndərib, super evdir. Bax, pəncərədən vidi nə qəşəngdir, hələ remontu gör necə zövqlüdür? Yiyəsi əvvəl xeyli varlı adam olub, indi köçür xaricə. Lirə ölür axı onlarda.
– Hm, indi nə demək istəyirsən?
– Deyirəm ki, onsuz da yaşadığımızı yaşamışıq. Şükür, uşaqlar da xaricdə. Bizi burda nə saxlayır ki? Burda hər şeyimizi sataq, gedək orda ev alaq. Dilləri bizimki, heç yad kimi olmayacağıq orda. O gün Murada deyirəm ki, ay oğul, niyə gəlib bizi görmürsən, ata-anandan heç darıxmırsan? Qayıdır ki, ay mama, Azərbaycana bilet alıb geri qayıtmaq qiymətinə mən 10 ölkə gəzərəm Avropada. Düz deyir də…Ekologiya da sıfırdır burda. Ona görə bu xəstəlik də gəlib tapdı məni.
Pensiyaya da rahat çıxarsan 2-3 ilə. Hələlik burda kirayə ev tutmaq olar. Əsas odur ki, evi əldən qaçırmayaq. Bu nazirliyə də onsuz indi təzə kadrları gətirirlər, ömrü boyu işləməyəcəksən ki? Bir az işlə, sonra gedək ora. Deyir Bosfordan 3 dəqiqəlik məsafəsi var…
Düzü Şaban elə özü də istəyirdi ki, baş götürüb qaçsın burdan. Kim bilir, bəlkə sabah təzə yoxlama gəldi, bütün zir-zibili açıb tökdülər ortalığa. Yavaş-yavaş çıxmaq lazımdır ölkədən. İş yoldaşıyla da məsləhətləşmək istəyəndə Səidə onu fikrindən daşındırdı.
– Niyə işdə bilsinlər ki, nəsə alırsan ordan? Köçəcəyini demə. Evi almağa Türkiyəyə getsən, dilə-dişə düşəcəksən, nəzərə gələcəyik. Özü də xarici vətəndaş kimi alanda xeyli vergi ödəmək lazımdır. Deyirəm Sima alsın öz adına evi, üstündən bir az keçəndən sonra bizə bağışlayar ya da ucuz qiymətə satar. Vergidə pul itirməyək, yerdən çıxmır ki pul.
Şaban qəbul etdi ki, arvadı düz deyir. Əslində Səidəni çox istəyirdi, başbilən, bacarıqlı arvadı vardı. Bakıdakı ev o yana qalsın, öz qır-qızılını, nəyi vardı hamısını satdı ki, “neynirəm bu qoca yaşımda bunları? Əsas odur ki, səninlə İstanbulda son illərimi xoş keçirdim“. Bəzən Gülyayla xəyanət edəndə vicdan əzabı da çəkirdi.
2 AY SONRA
– Səidə, qurban olaram, başa düş məni. Axı niyə boşanmalıyıq? Bir yerdə neçə il yaşamışıq, o boyda ev, eşik…Necə yəni mənim deyil? Bəs mən burda harda yaşayacam?
Telefonun o biri başından səs gəldi:
– “Gülya maliyyənin” evində.

Bənzər Məqalələr

Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində biləyini sıxan, heç kimə pislik etməyən, həm oğlanların, həm də qızların dostu olan, ona “hozu” deyiləndə inciməyən, anasının “görəsən bu qızı böyüyəndə kim alacaq?”...
media-dilare

– Ata, axı loqarifm funksiyası mənə nədə lazım olacaq gələcəkdə? Bax, özün AZİ-ni qurtarmısan, o qədər oxuduğun sinus-kosinusu harda işlətmisən? Niyə cavab vermirsən? Axı mən hərbçi olacam, niyə mən kimyada o reaksiyaların hamısını bilməliyəm? Tariyel 9-da oxuyan oğlunun suallarına cavab tapa bilmirdi. Neçə il oxudu, özü də əlaçı olmuşdu, amma işlədiyi yerdə bir dəfə də tətbiqini görməmişdi. Elə bircə onu...
media-ata-ogul

Münəvvər xalanın oğlu Vasif restoranda kababçı işləyirdi. Həmişə zakazları səhv-sühv deyən ofisiant Mərdan gəldi ki, bəs 3 tikə, 3 lülə, 2 şiş də ağ ət lazımdır. Prokuraturada işləyən poqonlu adamlardır, çalış yeməkdə problem olmasın. Vasif başa düşürdü ki, bu sifarişdə heç bir problem olmamalıdır. Bir də Mərdanla dəqiqləşdirdi, sonra kömürü qalamağa başladı. Restoranda hamıyla arası yaxşı olsa da, bircə Mərdanla...
media-vasif-amidst-a-riot-of-colors-at-the-bustling-restaurant-grilling-kababs-with-a-meticulous-touch-h-254235946-1