Məktəbin faydası varmı? Mən niyə riyaziyyat, kimya, fizika oxumalıyam?

media-ata-ogul

– Ata, axı loqarifm funksiyası mənə nədə lazım olacaq gələcəkdə? Bax, özün AZİ-ni qurtarmısan, o qədər oxuduğun sinus-kosinusu harda işlətmisən? Niyə cavab vermirsən? Axı mən hərbçi olacam, niyə mən kimyada o reaksiyaların hamısını bilməliyəm?

Tariyel 9-da oxuyan oğlunun suallarına cavab tapa bilmirdi. Neçə il oxudu, özü də əlaçı olmuşdu, amma işlədiyi yerdə bir dəfə də tətbiqini görməmişdi. Elə bircə onu dedi ki:

-Bərəkallah. Sən balaca qardaşına nümunə olmaq əvəzinə gör nə deyirsən. Səni görəndən sonra o necə oxusun bəs?

Ailədə hamı gördü ki, Tariyel əslində oğlunun sualına cavab tapa bilməmişdi. Arvadı Aytən də sanki ərinin düşdüyü çətin durumu başa düşmüşdü. Forsla “mən bacımgilə gedəcəm“ deyib qabları yığışdırdı.

Tariyel 2 gün özünə gələ bilmədi. Həmişə fikirləşmişdi ki, uşaqlara yaxşı savad vermək lazımdır. Uşaqları yaxşı məktəbə yazdırmaq, müəllimlərə hörmət, dərslərinə nəzarət – hər şey yerli-yerində idi. İndi isə düşünürdü ki, doğurdan da, axı bu uşaqlar niyə bu qədər dərinliyə getməlidir? Koşi teoremini bilmək axı bu uşaqlara nə verəcək?

İşdəkilərə, tələbə yoldaşlarına yığdı, heç onlar da normal cavab verə bilmədilər. Axırda uşaqlardan biri dedi ki, sən luçşe alkaş Samiri yığ, bilsə o biləcək.

Tələbəlik dövründən sonra hərə bir yerdə normal işə düzəlmiş, ev-eşik qurmuşdu. Amma sinfin ən ağıllısı olan, dərrakəsi ilə həmişə fərqlənən Samir evlənməmişdi. Tariyel aradabir onu elə özü kimi avaralarla bir yerdə pivnoyda görürdü.

Zəngləşdilər, elə axşam kababxanaların birində görüşdülər, ordan-burdan söhbətləşdilər, litrlik araq da sifariş verdilər. Sonra Tariyel dərdini izah etdi. Samir başladı:

– Bunu da içək qrupumuzun qızlarının sağlığına. Bax, Tariyel, oğlun voennı olmaq istəyir. Sabah o artilleriya ilə snaryad atsa düşmənə, o snaryad hansı trayektoriya ilə gedəcək? 20 kilometrə atsa başqa bucaqla, 40 kilometrə atsa başqa bucaqla gedəcək. Bunu hesablamaq üçün loqarifmdən, triqonometriyadan başı çıxmalıdır.

Cəbhədə sabah ratsiya ilə danışacaqlar tutaq ki. Bilirsən ki, ermənilər bizim, biz də onların nə yazıb göndərdiyini başa düşmək istəyirik. Ona görə də bütün ötürülən məlumatlar şifrələnir. RSA alqoritmi eşitmisən? Hardan eşidəsən e, ay yazıq… Hə, bax o şifrələmək, məlumatları kriptoqrafiya ilə saxlamaq üçün gərək sadə ədədləri, Eyler funksiyasını bilsin.

– Qaqaş, o bayaqkı arağı təzələ, ağ pendiri də gətir. Yəqin bilirsən də, radar nədir. Sabah İranın raketi, samolyotu Bakıya uçsa hardan biləcəyik onu? Ay sağ ol, radarlar lazımdır ki, hər şeyi görə bilək. İndi sovremennı radarlar üçün qallium-nitrid lazımdır. Deməli, kimyanı oxumaq lazımdır. – Bir əlli də süz. Hə, deyirsən ki, oğluna hələd noutbuk da almısan. Bir ondan soruş ki, ay bala, niyə biz ekranda qırmızı, sarı, yaşıl rəngi görürük, amma ultrabənövşəyi şüaları görmürük? Niyə, mən nə bilim niyə, get oğlundan soruş. Bilməsə soruş ki, a bala, rentgen, qamma şüalar görünən tezlikdədir ya yox?

Tariyel həmin gecə Samirlə çox söhbət elədi. Məlum olurdu ki, sən demə məktəbə keçilən dərslərin böyük əhəmiyyəti vardı. Yeyib-içəndən sonra evə ayıq sürücü çağırdı. Hesabı da özü verdi. Hətta Samirin cibinə bir az pul da basmaq istəyirdi, amma o qoymadı.

Səhər küt ağrıdan ayıldı. “Bu zibili niyə çox içdim axı?” sualını özünə verdi. “Eybi yox, dünən eşitdiklərimi indi o gözüçıxmışa deyərəm” fikriylə ayağa qalxmaq istədi. Amma nə qədər çalışdısa da, dünənki görüşdən heç nə yadında qalmamışdı.

Bənzər Məqalələr

#Buhavalarda türk kafelərinin birinin girişində 26 yaşlı, əvvəllər başında hicab olan, uzun donda gəzən, gözünü açandan atasını namaz qılan görmüş  Mənsurə həyəcanla qapını açır. Həyatında ilk dəfə bir oğlanla görüşəcəkdi. Vaxtı keçdiyinə görə 2 ay əvvəl bir az anası, bir az da rəfiqələri onu inandırmışdılar ki, saçını aç, qoy oğlanlar görsün səni, bəlkə birisi bəyənəcək səni. Təsadüfən 1 ay əvvəl...
media-mensure

Əri Şaban hamamda çiməndə telefonu jurnalnı stolun üstündəydi. “Görüm keçən dəfə rayonda dincələndəki şəkildə necə düşmüşəm? “ fikriylə Şabanın smartfonunu açdı. Pin-kod həmişə eyni idi, Şabanın uzun illərdir işlədiyi dövlət idarəsinə girdiyi il. Şəkilə baxdı, doğurdan da Şəkidə qəşəng dincəlmişdilər. Elə bil daxildə hansısa qüvvə ona dedi ki, bir Votsappa da gir. İş yoldaşlarının, qohumlarının çoxuyla yazışırdı, hamısını da yaxından...
media-1-60

Doğulanda hamının “bu nə toppuş baladı belə” dediyi, məktəbdə qızların arasında ən çirkin olan, 4-cü sinifdən etibarən evdə toyuqların başını kəsmək işini boynuna götürən, 7-ci sinifdən qurbanlıq qoyun kəsiləndə atasına kömək edən, sinfin oğlanlarının qol güləşində biləyini sıxan, heç kimə pislik etməyən, həm oğlanların, həm də qızların dostu olan, ona “hozu” deyiləndə inciməyən, anasının “görəsən bu qızı böyüyəndə kim alacaq?”...
media-dilare