Kababçının həyatından
Münəvvər xalanın oğlu Vasif restoranda kababçı işləyirdi.
Həmişə zakazları səhv-sühv deyən ofisiant Mərdan gəldi ki, bəs 3 tikə, 3 lülə, 2 şiş də ağ ət lazımdır. Prokuraturada işləyən poqonlu adamlardır, çalış yeməkdə problem olmasın.
Vasif başa düşürdü ki, bu sifarişdə heç bir problem olmamalıdır. Bir də Mərdanla dəqiqləşdirdi, sonra kömürü qalamağa başladı. Restoranda hamıyla arası yaxşı olsa da, bircə Mərdanla heç tutmurdu, ondan zəhləsi gedirdi.
5 dəqiqədən sonra o biri ofisiant Samir gəldi ki, Vaska, samovar da qaynadarsan. Samirin xətrini çox istəyirdi. Müştəri yaxşı çaypulu verəndə gəlib Vasifə də ucundan-quyruğundan verirdi.
– Ay Samir, mən neçə dəfə demişəm ki, belə ət almayın, amma yenə gedib zir-zibil alırlar. Bir siz də dillənin də…Deyin ki, kliyentlərin xoşuna gəlmir. O qədər qəssab var, gedib ən pis yerdən ət alırlar.
Bir az Samirlə administratorun dalıyca danışdı, sonra da şişləri çevirməyə başladı. Son vaxtlar bir az romantik olmuşdu, həyatıyla kabab bişirməsi arasında oxşarlıq görürdü. Kömürlər qızaranda onu tələbəlik həyatına, şişləri manqalın arakəsmələrinə qoymasını ilk sevgisinə bənzədirdi.
Ətləri şişdən çıxarıb qazana tökdü, sonra onları Mərdana vermək üçün o biri otağa keçdi. Kababları lavaşın arasına bükmək, üstünə soğan-göyərti, sumax tökmək və s. Vasiflik deyildi. Amma otaqdan çıxaçıxda ayağı kafelin üstündə sürüşdü, ayağı büdrədi, əlindəki qazanı buraxmasa da, içindəkilərin çoxu mətbəxdə döşəməyə töküldü. Xadimə Gülünü nəyi var söydü, ayağa qalxıb tez yan-yörəsinə baxdı, heç kimin olmadığını görüb kababları qazana yığdı. Elə dikəlib qazanı qaldırmaq istəyirdi ki, o biri otaqdan Mərdanın ona gözünü zillədiyini gördü.