Avtobusda gedəndə bir kadr
#İstəyirəm karantindən sonra 25 yaşlı, kooperasiya universitetinin heç yerdə iş tapılmayan fakültələrindən birini (261 balla) bitirən, çeşka həvəskarı, 50 dərəcə isti olsa da başındakı açkini gözünə taxmayan, özünü intellektual və mədəni göstərməyə çalışsa da tez yaxınlıq edib altın vuran, əynində “polo”dan qara köynək, cins şalvar, qara makasin, qolunda heç bir tarixçəsi olmayan gümüş sep olan, istədiyi qızın adını telefona “Sevka ürək” yazan, “narkotik” ətri vuran, uşaqlıq dostlarının Fedya dediyi dəli Qalatasaray fanatı Fərid olum.
İnqilabda əmimin qapı-pəncərə dükanında işdən çıxıb təmir üçün ustaya verdiyim maşınıma baxmağa gedim. 13 nömrəli avtobusa minim. Orta qapının qabağında durub pəncərə tərəfdə oturan bir qızı olmayan yaraşığımla əsarətim altına alım. Avtobus 1 dəqiqədən bir sərt tormoz versin. Camaat cana yığılan anda bidənə də babat tormozdan sonra sürücüdən 2 oturacaq arxada əyləşən 50 yaşlı Hətəm dayı yüksək səslə desin ki, ay qardaş yavaş da bir az. Bundan ilhamlanan 32 yaşlı əlində yaşıl, yekə, üstündə qız şəkli kulok olan Mərdan o möhtəşəm cümləni desin “elə bil kartof daşıyır” və nəhayət qapı tərəfdə əyləşən Sədaqət xala hökumətin yollarından şikəyət edə-edə bazarda çiyələyin qiymətinin baha olduğunu qeyd edib, qəfil avtobusda 2 dəqiqə qabaq tanış olduğu yaşıdı Münəvvər xalaya gəlininin necə dadlı bəhməz bişirdiyini desin.
Mən də bayaqkı qıza baxıb gülümsəyərək “bunlar şəhər zad görmüyüblər, mən müasir adamam” mesajı verim. Qız da yüngül qımışma ilə qarşılıq versin. Şalvarımın sol tərəfindən asdığım maşının açarını göstərmək üçün bir az sağa fırlanıb qızın gözlərinin içinə baxıb baxışımnan deyim ki
“Allah haqqı maşın ustadadı.”