4 tələbə qız
#indihardasa BDU-da yaxşı oxuyan, hamının “Seva delovoy qızdır” dediyi 4-cü kurs tələbəsi Sevinc bərk əl-ayağa düşüb, qaçaqaçdadır.Sevinc elə universitetdə oxuduğu dövrdə tələbə qızlara Canva-da dizayn düzəldirdi, özü kimi 3-4 qızı da yanına yığıb Tiktokda videolar çəkirdi. Düzdür, oğlanların çoxu deyirdi ki, “bunlar şitlik edir“, amma insafla danışsaq bu qızlar doğurdan da boş dayanmırdı.Şərqşünaslıqda oxuyan Məryəm, tarixdə oxuyan Nərgiz, biri də elə Sevincin potok yoldaşı Səltənət bilirdilər ki, onlar sabah əmək bazarında tələb görməyəcəklər. Tezbazar ərə getmək şansları da yüksək deyildi, düzü heç ərə getmək istəmirdilər də hələ. Aralarında başbilən kimi SMM-agentlik qurmaq istəyən Sevinc arendaya obyekt axtarırdı. Rasxod az olsun deyə öz noutbuklarında işləyəcəkdilər. Gözəllik salonu, təhsil kursu, 2 dənə də həkimin sosial media səhifələrini aparacaqdılar. Amma axtardıqları yerin ya qiyməti baha olurdu, ya da mebeli olmurdu. Güclə Əhməd Rəcəbli tərəfdə münasib qiymətə yer tapmışdı Sevinc, ona da Nərgiz razı deyildi: deyirdi axşam vaxtı basabas olur, yüngül əxlaqlı qızlar çox olur o tərəfdə, biz axşamlar işdən çıxanda elə biləcəklər biz də onlardanıq. Elmlərdə kafedə dörd dost oturub yeyəndə Sevinclə qonşu potokda oxuyan, istənilən mövzuya kurs olan tiplərdən olan Azər də onları gördü. Hal-əhval, söhbətdən sonra qızlara məsləhət görür ki, ay qızlar, özünüzü niyə dağa-daşa salırsız, mikrorayon, Nərimanov-zad tərəfə gedirsiz, elə düz BDU-nun yuxarısında bomba bir yer var. İçində mebeli, interneti, kommunalı-zadı daxil. Qiymət də çox ucuz. Mətbuat proepektindədir, düz qulağınızın dibində. Məryəm tez fikirləşdi ki, kak raz işdən çıxan kimi tanış olduğum oğlanla tez görüşərəm. Dizayner kimi əsas işləri görəcək Səltənət fikirləşdi ki, elə yanımızda çoxlu çap yerləri, mətbəə var. Buklet çap etmək lazım gələndə elə aşağı düşərik. Nərgiz də sevinirdi, çünki tətbiqi riyaziyyatda oxuyan, uje indidən proqram yazan Valeh də frilanser kimi adı Fikir olan həmin yerdə otururdu, Çoxdandır ki, saçını yan darayan, əlindən noutbuku düşməyən bu oğlandan xoşu gəlirdi. “Ləngiməyək, elə sabahdan gedək o Fikirə, normal ofis mühitində işləyək” – deyib söhbəti bitirmək istəyən Sevanın telefonuna bildiriş gəldi. 2 həftədir ki, SMM-ini apardıqları həkim yazırdı ki, “İnstaya story az qoyursunuz, her gun qoyun. Ele edin ki, Keşfete düşüm”