Müəllimlər otağında sıradan bir gün
Belə günlərin birində, 2-ci dərsdən sonra, böyük zəngdə hansısa bir məktəbin 27+ ingilis dili məlliməsi Nigar məllimə əlində bir salafan balaca snikers konfetlə girir məllimlər otağına, başlıyır konfeti paylamağa. Soruşurlar ki, bəs ay Nigar xeyirdimi? Deyir nişanlanmışam. Hamı başlıyır təbrik eləməyə. Kimya məlliməsi Zülfiyyə deyir ki, yarıyanlardan olasan ay Nigar, çalış toyu da çox yubatma. Coğrafiya məlliməsi Yasəmən də zarafatyana belə girir söhbətə: ay Nigar, çalış toyu maaşa sal…
Konfet paylayan vaxtı 55+ Riyaziyyat məllimi, hamının sevimlisi Aşur məllim üstü başı təbaşirin içində girir məllimlər otağına, jurnalı qoyur yerinə. Söhbəti tutur, dəhşət sevinir, deyir ay Nigar balam, xoşbəxt ol, bilirsən səni qızım Lalədən ayırmıram. Bilirəm sən pis oğlan seçməzsən. Bir-birinizin qədrini bilin. Ailədə əsas şərt sevgidi, hörmətdi. Hörmət oldu a, o ailə möhkəm olacaq. Bax mən Lətafət xalanla 30 ildi evliyik. Ancaq heç bir dəfə də olsun dalaşmamışıq. Sonra qayıdır ki, toyu da çox yubatmıyın. Toy üçün restoranı qıraq yerdə axtarmayın. Bacıoğlu administratordu bir yaxşı restoranda. Xahiş edərəm endirim də edər. Nigar da sakit-sakit deyir ki, yaxşı Aşur məllim lazım olsa deyərəm, çox sağolun…
Konfet zad paylanır, ara sakitləşir, məllimlər gedir dərsə. Nigarın, bir də 60+ ədəbiyyat məlliməsi Mərifət məllimənin dərsi boş olur, otururlar məllimlər otağında. Mərifət deyir, ay Nigar bəri gəl görüm. Başlıyır oğlanı soruşmağa. Nigar da deyir adı Fərhaddı, 29 yaşı var. Buxalter işləyir. Yaxşı oğlandı, 4 ildi sevirik bir-birimizi. Mərifət deyir bax da bala, ehtiyatlı ol, adamları tanımaq olmur. Görürsən sakit, yaxşı oğlandı sonra bilirlər ki, narkoman imiş. Elə bilirsən boşanmaq asandı? Uşaq olandan sonra vapşem çətindi…