Qış günündə görüşən bakılı gənc sevgililər
Belə havalarda bir xeyli vaxtdır ki, görüşməyən call-center operatoru Cavidan və Kooperasiyanın 3-cü kurs tələbəsi Şahnaz nəhayət ki, “Soyuq əllər, İsti ürəklər” yarmarkasına getmək üçün Torqovlikə gəlmək istəyirlər.
Nərimanov metrosundan adi vaxtı 15 dəqiqəlik olan yolu, hər şeydən narazı olan Prius sürücüsünün deyingən səsinin altında 1 saat 10 dəqiqəyə gəlirlər.
Fəvvarələr meydanında izdihamın içində bir az da əzilən Cavidan bu xarabada nə iti azdığına ürəyində deyinir, gözü yemək köşklərində olan Şahnaza gülümsəyib üzdə “həyatım, ürəyin nə istəyir alım” desə də, içində dua edir ki, sevgilisi onu bu rasxodlu ayda lap çox xərcə salmasın. Elə bunu fikirləşirdi ki, Şahnaz çöp şişdə qızardılmış kartof çipslərindən istəyir. Kilosu 80 qəpiyə olan kartofun bir şişə çəkilmiş dilimini 3 manata satan satıcıların arxasınca ürəyində deyinən Cavidanın onsuz da kefi yoxdur.
Çünki Ingiltərə və Fransanın dünya çempionatındakı oyununda ingilislərin qələbəsinə 500 manat pul qoyub yandırıb. Neçə gündür ki, həm udan fransızların, həm də uduzan ingilislərin bütün futbol heyətini söyür. Qabaqdan gələn Yeni ildə Şahnaza hansı pulla hədiyyə alacağını hələ də bilmir.
Bir az şəhərdə fırlanırlar, sonra bir çöp çipsiylə doya bilməyən Şahnaz deyir ki, gedək yaxınlıqda keçən dəfə podruqalarımla oturduğum yerdə suşi yeyək.
Cavidan indi də yaponları, suşini Bakıda dəbə salanları ürəyində söyür. Qəfildən yadına niyə görəsə yaponların ispanları 2:1 hesabıyla udması gəlir. Şahnazın “Gedək yeyək də…Nədir, yoxsa sən acmamısan?“ sualına Cavidan tez cavab tapır: “Acmışam, amma suşi yox, sənin dodaqlarınçün“ deyib bic-bic gülümsünür. Şahnaza bu söz ləzzət edir, gözlərini təbəssümlə yana süzdürür. Cavidanla əl-ələ Kukla teatrının qabağındakı perexodun pop-korn satılan tərəfindən düşüb keçirlər.