Q.Qarayev adına musiqi məktəbi
Q.Qarayev adına musiqi məktəbinin dördüncü ilini yaşayırdım. Bizə insanlığın aşılandığı dövrlər idi. Dünyanın düz, qara bəxtimizin çirklənməmiş vaxtı idi. Bir gün xor zalına üç nəfər qalstuklu, üzlərinin nurunu saxta təbəssümlərin badına vermiş kişi girdi. Direktor axtarırdılar. Bir qədər sonra məlum oldu ki, bizi fiziki məhdudiyyətli insanların sığınacağına konsert verməyə aparacaqlar. O vaxtı bu cümlədən başa düşdüyüm tək söz “insanlar” idi. 12 olardı yaşım. Gözlənilən vaxt çatdı. Binadakı hər kəs bir işlə məşğul idi. Özümü diqqət çəkməyən yerlərlə qüsurlu insanların arasına saldım. İndiki rəngi dəqiq bilinməsə də çərçivəsindən əvvəllər ağ olduğu bilinən pəncərənin kənarında bir qoca zəhmli kişi oturmuşdu. Cins olaraq yox, şəxsiyyət olaraq kişi. Sinəsinin üstündə çoxlu medallar altında cavabsız suallar var idi. Deyəsən döyüşdə mərmi onu kar etmişdi. Qulaqları yerində olsa da eşitmirdi, hətta aparatı da aylar öncə qırılmışdı. Qurum rəhbərliyinə etdiyi müraciətlər də faydasız idi. Veterana yaxınlaşmaq istəsəm də, açığı çəkindim. Bu dəmdə dörd addım kənarda yerləşən cavan oğlanın mənə baxdığını gördüm. Bir neçə saniyəlik baxışmadan sonra gülümsədim ki, aura qaralmasın. Ancaq o çox soyuq idi. Düşündüm ki, yəqin gülə bilmir. Axı məndəki üzə gülümsəməmək çətindi. Bir qədər sonra müəyyən etdim ki, o gülə bilir, ancaq görə bilmir. Əynindəki paltar köhnə və yamaqlı idi. O isə bunu bilmirdi. Yəqin özünə deməmişdilər. Dövlət ona səksən manat təqaüd verirdi. Onun da beş manatını kommunal xərclərə görə təşkilat alırdı. Məsələn: işıq pulu…
Gördüyüm mənzərələrdən çox mütəəssir oldum. Hətta bura gəlməkdə məqsədim nə idi bir anlıq unutdum. Yad ehtiramla bir-bir sığınacaqdakı adamlarla görüşən müəllim heyətimizdən tutmuş bizə qədər. O günkü konsert necə keçdi bilmədim. Bilmədiyim çox şeylər oldu o gündən sonra. Həyat əlamətləri sayılan, əsas hisslərini itirən insanlar yadımdan çıxmır. Həyat necə də paradoksal və nisbi imiş. Məsələn: eşitmək kimi. Sükut var ki qulaq batırır. Kar olan o qəhrəman qoca idi ya onun şikayətlərini eşitməyən təşkilat rəhbərliyi…? Mənəviyyatın karlığı ağırdı. Məsələn: görmək qədər nisbi. Görmək o qədər nisbidir ki, qaşınan yeri barmaq gözdən yaxşı görür. Bilmədim, kor olan aldığı təqaüdü görməyən o cavan idi yoxsa ayın axırına qədər onu görməyən dövlət təqaüdü…?
Ancaq bunu bildim ki, həqiqi lallar danışa bilməyənlər deyil, bu mənzərələr qarşısında susan biz, xalqdır.
Müəllif, həm də səhifənin adminlərindən biri: Elşən Mehdi